YUĞ Teatrında mətbuat konfransı keçirilib.

YUĞ Teatrında mətbuat konfransı keçirilib.

3 sentyabr tarixində Azərbaycan Dövlət YUĞ Teatrında yeni mövsümün açılışı ilə bağlı mətbuat konfransı keçirilib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənovun, baş rejissor Mikayıl Mikayılovun, teatrın ədəbi hissə müdiri Elçin Cəfərovun, Xalq artisti Məmmədsəfa Qasımovun, aktrisa Zümrüd Qasımovanın, quruluşçu rejissorlar Gümrah Ömər, Tural Vaqifoğlu və Günay Səttarın iştirakı ilə baş tutan tədbirdə media işçiləri iştirak ediblər.

Tədbir teatrın ötən mövsüm ərzində fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov teatrın ötən mövsüm ərzində həyata keçirdiyi layihələr, hazırlanan tamaşalar haqqında məlumat verib. Xüsusilə CHARACTERS Müasir Dramaturgiya Festivalı və Müasir Böyük Dramaturgiya: tanıma layihəsi haqqında məlumat verən E.Cəfərov qeyd edib ki, növbəti mövsümlərdə də  milli teatr sənətinin inkişafına  təkan verəcək  belə layihələrin davam etdiriləcəyini bildirib.

 Görüşdə həmçinin  yeni mövsümdə nəzərdə tutulan  teatrın fəaliyyəti barədə planlardan danışılıb, müzakirələr aparılıb. Baş rejissor Mikayıl Mikayılov çıxış edərək, teatrın yeni hazırlanacaq tamaşaları  barədə məlumat verərək, qeyd edib ki, 2024-2025-ci teatr ili çərçivəsində YUĞ Teatrında yapon dramaturq Koki Mitaninin "Gülüş akademiyası" (quruluçu rejissor Gümrah Ömər), ​​Azərbaycanlı dramaturq İsmayıl İmanın "Əziz  ata", (quruluşçu rejissor Tural Vaqifoğlu) və CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi yazıçı-dramaturq Şəbnəm Xeyrullanın "Arqon" (quruluşçu rejissor Ruslan İsmayılov) əsərləri tamaşaya hazırlanacaq. Bununla yanaşı, teatrın xarici və yerli qastrol səfərlərində və festivallarda iştirakı da qiymətləndirilib. Teatrın direktoru İslam Həsənov Azərbaycan Mədəniyyət Günləri çərçivəsində  Özbəkistanda nümayiş etdirilən "Mənəm, mən..." (Dramaturq  İlqar Fəhmi, quruluşçu rejissor əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) tamaşasını xüsusi qeyd edib. 

Qeyd edilib ki, bu il YUĞ Teatrının 35 və YUĞ Teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 75 illik yubileyi baş tutur. Bununla bağlı teatr tərəfindən tədbir keçiriləcək. Baş rejissor Mikayıl Mikayılov və teatrın ədəbi hissə müdiri Elçin Cəfərov YUĞ Teatrının "Psixosof teatr poetikası" və Vaqif İbrahimoğlunun yaradıcılığı ilə bağlı nəzəri monoqrafiyaların çap olunacağını bildirib. Direktor İslam Həsənov qeyd edib ki, önümüzdəki aylarda Əbdülqəni Əliyevin quruluşunda  hazırlanmış "Asılqan" tamaşasının Estoniyada qastrol səfərində olacağı gözlənilir. Mövsüm ərzində teatrın bölgələrdə, rayonlarda qastrol səfərində olacağı da qeyd olunub.