Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında iştirak edib. Kollektiv festivalda Azərbaycanı "Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac" boyu əsasında hazırlanmış "Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc" tamaşası ilə təmsil edib. Nümayişi 16 oktyabr yerli vaxtla saat 18:30-da Quimera teatrında baş tutan tamaşa seyrçilər tərəfindən maraqla qarşılanıb. Tamaşada Əməkdar artist Qasım Nağı və aktyorlar Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov çıxış edib. Janrı ilahi oyun kimi təyin olunmuş səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Anar Mikayılov, musiqi tərtibatçısı İffət Əsgərovdur.
Azərbaycanı ilk dəfə Meksika Birləşmiş Ştatlarında YUĞ Teatrı təmsil edib. 1991-ci ildən etibarən hər il Meksikanın Metepek şəhərində keçirilən Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı çərçivəsində konsert proqramları, teatr tamaşaları, rəsm, foto, kitab sərgiləri və milli mətbəx nümunələrinin təqdimatı təşkil edilir. Hər il təxminən 400 min ziyarətçinin qatıldığı 35-ci Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı Meksikada xalq diplomatiyası və mədəni mübadilələrin təşviqi baxımından ən mötəbər tədbirlərdən biri hesab olunur.
Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının festivalda iştirakı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlardakı səfirliyinin, eləcə də Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib.
