Azərbaycan Dövlət YUĞ Teatrında rumın dramaturqu Matey Vişnekin "Qoca kloun tələb olunur" pyesi əsasında "Kloun BizZ" adlı tamaşa hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Xaqani Əliyevdir. Rejissor tamaşanın janrını feeriya-makabr kimi müəyyənləşdirib. Səhnə əsərində Yuğ Teatrının aktrisaları Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təanə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.
Yuğ Dövlət Teatrının rejissoru Mikayıl Mikayılov M.Vişnekin əsərinə fərqli yozum verib. Əsərdəkindən fərqli olaraq, Yuğ Teatrının tamaşasında klounlar qadınlardır.
Əhvalat kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təkif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar. Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.