Xəbərlər
YUĞ Teatrının tərəfdaşı olduğu CHARACTERS Müasir Dramaturgiya Festivalı

YUĞ Teatrının tərəfdaşı olduğu CHARACTERS Müasir Dramaturgiya Festivalı

İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət YUĞ Teatrı, Bakı Marionet Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Teatro.az sənət portalı, Katalizator Art Hub və TOTD İctimaiyyətlə əlaqələr təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən CHARACTERS Müasir Dramaturgiya Festivalı davam edir.

Layihənin məqsədi yeni aktual pyeslərin yaradılması, dinlənilməsi və səhnələşdirilməsi üçün mexanizm və platforma yaratmaqdır. Layihə Azərbaycanda müasir dramaturgiya ilə bağlı mövcud boşluğu doldurmağı və yeni nəsil dramaturqların pyeslərini təbliğ etməyi hədəfləyir. Əvvəllər heç vaxt pyes yazmamış müəllifləri tapmaq və onları dramaturgiyaya həvəsləndirmək, dramaturqlarla teatrlar, teatr ictimaiyyəti və tamaşaçılar arasında körpü yaratmaq da layihənin məqsədləri sırasındadır.

Festival təlimlər, müsabiqə, pyes oxunuşları və qalib pyes əsasında hazırlanmış tamaşadan ibarətdir.  Festival çərçivəsində keçirilən pyes müsabiqəsinə 30 müəllifdən 40 pyes təqdim edilib. Müsabiqənin coğrafiyası isə 3 ölkəni (Azərbaycan, İran və Kanada) və 6 şəhəri (Bakı, Xırdalan, Mingəçevir, Ağstafa, Təkab (Tikantəpə) və Monreal) əhatə edib. Müsabiqəyə təcrübəli dramaturqlarla yanaşı, ilk pyeslərini yazanlar da müraciət edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, ADMİU-nun Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri İsrafil İsrafilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, YUĞ Dövlət Teatrının baş rejissoru Mikayıl Mikayılov, Akademik Rus Dram Teatrının rejissoru Tural Mustafayev və ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, teatrşünas Aliyə Dadaşovadan ibarət münsiflər heyəti pyeslərlə tanış olub və qısa siyahını aşağıdakı kimi müəyyənləşdirib. Pyeslər jüriyə anonim şəkildə təqdim edilib.

 

Emin Əliyev “Pivə və biskvitlər”

Ülviyyə Heydərova “İfritələr”

Türkan Hüseyn “Yarımçıq hekayələrin kağızda əks olunmaları”

Şəbnəm Xeyrulla “Arqon”

Jalə İsmayıl “Ametist xanım və Apatit bəy”

Jalə İsmayıl “Göyərçin dimdiyində bir qəfəs küçə”

Elçin Məhərrəmli “Teatrın pişiyi Kotello”

Əli Sadiqi, Nəvid Əzimi “Çıxılmaz unutqanlıq”

Hacı Səfərov “Aysu və başqası”

(Qeyd: Müəlliflərin adları əlifba sırası ilə göstərilib)

 

Qalib pyeslərin adları 10 mart tarixində - Milli Teatr Günündə açıqlanacaq. Münsiflər heyətinin qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilmiş 3 qalib pyesin teatrallaşdırılmış oxunuşu həyata keçiriləcək. Pyes oxunuşları 13, 14, 15 mart tarixlərində saat 19.00-da R.Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Festival çərçivəsində qalib pyeslərlə yanaşı, müsabiqədənkənar proqramda peşəkar müəlliflərin əsərləri əsasında hazırlanmış pyes oxunuşları da tamaşaçılara təqdim ediləcək. Florian Zellerin “Ata” (rejissor Tural Mustafayev), İvan Vırıpayevin “İllüziyalar” (rejissor Mikayıl Mikayılov) və İsmayıl İmanın “Əziz ata” pyeslərinin oxunuşları müvafiq olaraq, 13, 14 və 15 mart tarixlərində saat 20.30-da keçiriləcək. 

CHARACTERS Müasir Dramaturgiya Festivalı haqda

CHARACTERS Müasir Dramaturgiya Festivalı haqda

Azərbaycanda CHARACTERS Müasir Dramaturgiya Festivalı keçirilir. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının dəstəyi ilə, dramaturq İsmayıl İmanın təşkilatçılığı və kuratorluğu ilə həyata keçirilən layihənin tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət YUĞ Teatrı, Bakı Marionet Teatrı, Teatro.az sənət portalı, Katalizator Art Hub və TOTD İctimaiyyətlə əlaqələr təşkilatıdır.

Layihənin məqsədi yeni aktual pyeslərin yaradılması, dinlənilməsi və səhnələşdirilməsi üçün mexanizm və platforma yaratmaqdır. Layihə Azərbaycanda müasir dramaturgiya ilə bağlı mövcud boşluğu doldurmağı və yeni nəsil dramaturqların pyeslərini təbliğ etməyi hədəfləyir. Əvvəllər heç vaxt pyes yazmamış müəllifləri tapmaq və onları dramaturgiyaya həvəsləndirmək də layihənin məqsədləri sırasındadır. Festival dramaturqlarla teatrlar, teatr ictimaiyyəti və tamaşaçılar arasında körpü yarada, tamaşaçıların yeni məzmuna olan ehtiyacının ödənilməsinə fayda verə bilər.

Festival təlimlər, müsabiqə, pyes oxunuşları və qalib pyes əsasında hazırlanmış tamaşadan ibarətdir. Festival çərçivəsində ilk mərhələ 18-50 yaş arası dramaturqların son 5 il ərzində yazdığı pyeslərdən ibarət dramaturgiya müsabiqəsidir. Müsabiqəyə qəbul edilən pyeslər Azərbaycanın tanınmış rejissorları, teatrşünasları və teatr tənqidçilərindən ibarət jüri tərəfindən oxunaraq qiymətləndiriləcək. Qalib gələn pyeslər 2024-cü ilin yazında rejissor oxunuşu şəklində teatr mütəxəssislərinə və tamaşaçılara təqdim olunacaq, quruluş üçün Azərbaycanın dövlət və özəl teatrlarına tövsiyə olunacaq. Birinci yerin qalibi olan pyes festivalın tərəfdaşı YUĞ Dövlət Teatrının səhnəsində tamaşaya qoyulacaq.

 

Masallı rayonuna qastrol

Masallı rayonuna qastrol

Azərbaycan Dövlət YUĞ Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 14-də Masallı rayon Mədəniyyət Mərkəzində “Şəbədə” tamaşasını nümayiş etdirib. Səhnə əsəri M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında rejissor Gümrah Ömərin quruluşunda hazırlanıb.

Tamaşada aktyorlar Oqtay Mehdiyev, Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Ziya Ağa və Ləman Mərrih çıxış edir.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.